“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi

“Liverpul” Avropanın aparıcı futbol klubları arasında mədəni təsir baxımından ilk pillədə qərarlaşıb.

Newsport.az xəbər verir ki, "Harris & Toluna" şirkətlərinin 22 bazarda keçirdiyi müstəqil beynəlxalq araşdırmanın nəticələrinə əsasən, iştirakçıların 31 faizi “Liverpul”u mədəni baxımdan təsirli klub hesab edib. Bu, sorğuda yer alan futbol klubları arasında ən yüksək göstəricidir. İkinci nəticə 24 faiz olub.

Mersisayd təmsilçisi ümumi idman reytinqində də liderdir - 31 faiz. ABŞ-da isə “Liverpul” Avropanın ən təsirli futbol klubu seçilib (18 faiz).

Klub rəqəmsal göstəriciləri ilə də diqqət çəkib. Son bir ildə “Liverpul”un sosial şəbəkələrdəki videoları ümumilikdə 14,7 milyard baxış toplayıb. Bu, Premyer Liqada digər klublardan 37 faiz çoxdur. Həmçinin komandanın rəsmi saytı il ərzində dünya üzrə 96,16 milyon istifadəçi tərəfindən ziyarət edilib.

“Liverpul”un marketinq və rəqəmsal texnologiyalar üzrə baş vitse-prezidenti Hanna Pim bildirib ki, klub həmişə futboldan daha böyük məna daşıyıb və bu nəticə onun qlobal azarkeş kütləsinin miqyasını göstərir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right