“Atletiko”da hücumçu Xulian Alvareslə bağlı vəziyyət getdikcə gərginləşir.
Newsport.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Barselona”ya keçmək istəyir. Ancaq “Atletiko” üçün əsas məsələ vacib oyunçusunun birbaşa rəqibinə qoşulmasına imkan verməməkdir.
Madrid klubunun baş direktoru Migel Anxel Xil Marin yaranmış vəziyyətə görə ciddi şəkildə qəzəblənib. O, Alvaresin davranışlarının “Atletiko”nu ictimaiyyət qarşısında “kiçik klub” kimi göstərdiyini düşünür.
Klub rəhbərliyinin yaxın günlərdə məsələ ilə bağlı yeni görüşlər keçirəcəyi və mümkün variantları müzakirə edəcəyi bildirilir.
Alvares artıq “Atletiko”da çıxış etmək istəmədiyini açıq şəkildə nümayiş etdirib. 26 yaşlı futbolçu son olaraq “Vilyarreal”la matçda komandasının azarkeşləri tərəfindən fitə basılıb.