İtaliyanın "Milan" klubunun xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç komandadakı debüt mövsümünə yekun vurub.
Newsport.az xəbər verir ki, əfsanəvi futbolçu İtaliyadakı ilk ilini müsbət qiymətləndirib və ilk gündən bəri getdiyi hər yerdə sevildiyini hiss etdiyini bildirib.
"Mən dünyanın ən böyük klubu olan "Real"da oynamışam, lakin məndə elə bir təəssürat var ki, "Milan" da eyni səviyyədədir. "Milan" haqqında danışanlar digər klublardan fərqli danışırlar. Bura gələndə bunun səbəbini anlayırsan. Bu, dünyanın ən önəmli klublarından biridir – bura çalışan insanlar və azarkeşlər onu möhtəşəm edir. "Milan"ın niyə bu qədər böyük olduğunu başa düşdüm. Məndə elə bir hiss var ki, sanki illərdir buradayam və bu, məni hər şeyimi verməyə məcbur edir. Bu cür duyğuları yaşamaq çox gözəldir", - deyə Modriç açıqlama verib.
Xorvatiyalı oyunçu əlavə edib ki, azarkeşlərin sevgisi onun üçün ən vacib amildir və bu, digər qərarları qəbul etməyi asanlaşdırır. Modriç əmin edib ki, əgər futbolçu fanatların belə bir bağlılığını hiss edirsə, klubda karyerasını davam etdirmək üçün əlavə istək yaranır.
Qeyd edək ki, 40 yaşlı təcrübəli mərkəz yarımmüdafiəçisi 2025-ci ilin yayından bəri "rossoneri"nin şərəfini qoruyur. O, "Milan" forması ilə 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.