Asiya Futbol Konfederasiyası (AFC) Qətər Futbol Assosiasiyasını Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantinonu dəstəkləməkdə ittiham edib.
Newsport.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
"Kontinental həmrəyliyin böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda sizin hazırkı mövqeyiniz və AFC prezidentinin qanuni nüfuzunu şübhə altına alan hərəkətləriniz yalnız Asiya futbolunun birliyinə xələl gətirir. Bu, bizim qlobal arenada Asiya futbol ailəsinin maraqlarını qorumaq üçün kollektiv bacarığımızı zəiflədir" - deyə AFC rəhbəri Salman bin İbrahim Əl-Xəlifə bildirib.
Daha əvvəl İnfantinonun dünya çempionatı hüquqlarının bir hissəsini özəl investorlara satmaq təklifi müxtəlif qurumların tənqidlərinə səbəb olduğu üçün o, sonradan bu ideyadan imtina edib.
Xüsusilə, İnfantinonun təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), KONKAKAF, Asiya Futbol Konfederasiyası və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən rədd edilib.