Haalandın şəkli vurulan bağlamalardan 469 kq kokain çıxdı

Ekvadorda üzərində Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erling Haalandın şəkilləri olan 469 kiloqram kokain müsadirə edilib.

Newsport.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Narkotik maddə Kolumbiya ilə sərhəd yaxınlığında Panamerika magistralında saxlanılan yük avtomobilində aşkarlanıb.

Avtomobilin xüsusi hazırlanmış ikiqat döşəməsində 370 bağlama kokain tapılıb. Bağlamaların üzərinə Haalandın təsviri olan stikerlər yapışdırılıb. Yük maşınının sürücüsü həbs edilib.

Polis Haalandın şəklinin niyə istifadə edildiyini açıqlamayıb. Bildirilir ki, narkotik tacirləri bəzən müxtəlif cinayətkar şəbəkələrə məxsus yükləri fərqləndirmək üçün tanınmış idmançı və məşhurların şəkillərindən istifadə edirlər.

Müsadirə olunan kokainin qara bazarda Ekvadordakı dəyəri təxminən 842 min dollar, ABŞ-da 11 milyon dollardan çox, Avropada isə 19,6 milyon dollara qədər qiymətləndirilir.

Qeyd edək ki, oxşar hadisə 2017-ci ildə Peruda da baş vermişdi. Həmin vaxt üzərində Lionel Messinin şəkli olan təxminən 1,5 ton narkotik maddə müsadirə edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right