Joze Mourinyo 2013-cü ildə "Real"dan ayrıldıqdan sonra "Mançester Yunayted"i çalışdırmaqdan niyə imtina etdiyini açıqlayıb.
Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Netflix"in sənədli filmində həmin vaxt İngiltərə klubuna baş məşqçi təyin olunmaq üçün ilkin müqavilə imzaladığını deyib. Lakin o daha sonra "Çelsi"ni seçib:
"Real"dan ayrıldıqdan və ser Aleksin gedişindən sonra "Mançester Yunayted"i çalışdırmaq üçün ilkin müqavilə imzaladım. Bu təklif məni çox qürurlandırdı, çünki "Mançester Yunayted" inanılmaz dərəcədə cəlbedicidir.
Amma bir şey futbola sevgi, başqa şey isə konkret kluba sevgidir. Düşünürəm ki, ikincisi futbola sevgidən daha güclüdür və "Real"dan sonra ilk növbədə sevilməyimi hiss etməli idim. Ser Aleks Ferqyusonu əvəz edəcək məşqçi olmaq şansını əldən vermək mənim üçün dramatik an idi. Amma peşman deyiləm, çünki bu, ürəyimlə verdiyim qərar idi".
Qeyd edək ki, Mourinyo daha sonra 2016-2018-ci illərdə "Mançester Yunayted"də çalışıb. O, klubla Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Superkubokunu qazanıb.