“Arsenal” “Real”ın hücumçusu Vinisius Junioru transfer etməyə ciddi şəkildə maraq göstərir.
Newsport.az “HandofArsenal”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun transferi ideyası “topçular”ın daxili iclaslarında tam dəstək qazanıb. London klubunun nümayəndələri Vinisiusun ətrafı ilə ilkin müzakirələr aparıb, həmçinin, mümkün transferin maliyyə şərtlərini də araşdırıblar. Nəticədə, “Arsenal” rəhbərliyi bu keçidin reallaşa biləcəyini düşünür.
Xəbərdə bildirilir ki, Vinisius “Real”la yeni müqavilə imzalamayacağı təqdirdə, “Arsenal” onun üçün böyük məbləğdə təklif göndərməyə hazırdır.
“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 26 yaşlı futbolçunun dəyəri 140 milyon avrodur. Onun Madrid təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.