Argentina millisinin hücumçusu Lionel Messi uşaqlıqdan futboldan aldığı ən vacib dərsdən danışıb.
Newsport.az “Fanatics Fest”-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu erkən yaşlarından məğlubiyyətlərin oyunun ayrılmaz hissəsi olduğunu anladığını və bunun həm insan, həm də futbolçu kimi formalaşmasına böyük təsiri olduğunu bildirib:
“Uşaqlıqdan futbola böyük həvəs və istəklə yanaşırdıq. Məktəbdə, küçədə, yaşadığımız məhəllədə daim futbol oynayırdıq. Heç vaxt təzyiq barədə düşünmürdük. Futbol komanda oyunudur və rəqib də həmişə qalib gəlmək istəyir. Hər zaman qazana bilməzsən. Mən çox erkən yaşlarda başa düşdüm ki, insan futbolda qələbədən daha çox məğlub olur. Bu, mənim həm şəxsiyyət, həm də futbolçu kimi yetişməyimə kömək etdi”.
Argentina millisi iyulun 19-da ardıcıl ikinci dəfə dünya çempionatının finalında meydana çıxacaq. Komanda həlledici görüşdə İspaniya millisi ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.