DÇ-2026-nın 1/16 finalında Avstraliya ilə oyun üçün Dallasa gələn Misir millisinin düşərgəsində insident baş verib.
Newsport.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Futbolçular otelin foyesindən keçərkən bir neçə azarkeş komandaya yaxınlaşmağa çalışıb. Misir millisinin baş məşqçisi Hossam Hassan polislərin bir uşağın futbolçularla şəkil çəkdirməsinə icazə verməməsindən narazı qalıb.
İddia olunur ki, məhz bu səbəbdən məşqçi ilə polis əməkdaşları arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra isə təhlükəsizlik xidməti əməkdaşları, məşqçilər korpusunun nümayəndələri və bəzi futbolçular bir-birlərini itələyiblər.
Nəticədə Hossam Hassan hadisə yerindən uzaqlaşdırılıb, çox sayda azarkeş isə milli komandanın futbolçuları ilə görüşə bilməyib.
Qeyd edək ki, Avstraliya – Misir oyunu bu gün, iyulun 3-də keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.