Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu mövsümün ikinci yarısı üçün hazırlığını davam etdirir.
Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
Nazarovun komandası ilk iki matçını Bundesliqa təmsilçilərinə qarşı keçirəcək. Yanvarın 13-də "İnqolştadt"la qarşılaşacaq "Karlsrue" 3 gün sonra "Bavariya" ilə üz-üzə gələcək.
Yanvarın 17-də İspaniyaya yola düşəcək komanda ayın 25-dək Priney yarımadasında qalacaq. "Karlsrue" son matçını yanvarın 30-da "Qroyter" klubuna qarşı keçirəcək.