Afrika Millətlər Kubokunda ilk 1/8 final oyunları reallaşıb.
Newsport.az xəbər verir ki, Mali və Tunis arasında reallaşan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Mali penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəlib.
26-cı dəqiqədə Malidən Voyo Kulibali qırmızı vərəqə alıb. Firas Şayat 89-cu dəqiqədə Tunisə üstünlük qazandırıb, Lassin Sinayoko 90+7-ci dəqiqədə penaltidən dəqiq zərbə endirərək oyunu əlavə vaxta aparıb.
Mali 1/4 finalda Seneqal ilə qarşılaşacaq. Bu komanda Sudanı 3:1 hesabı ilə yenib. 6-cı dəqiqədə hesabda geri düşən seneqallılar fasiləyədək önə keçməyi bacarıb. İkinci hissədə Sadio Mane ikinci dəfə məhsuldar ötürmə edərək komandasının qələbəsinə töhfə verib.
2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Yarışda 6 qrupa bölünmüş 24 milli komanda iştirak edirdi. Turnir 18 yanvar tarixinə qədər davam edəcək. Hazırkı Afrika Millətlər Kubokunun çempionu 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuardır.
Yarışda növbəti oyunlar bu gün keçiriləcək. 20:00-da Mərakeş Tanzaniyanı, 3 saat sonra Cənubi Afrika Kamerunu sınağa çəkəcək.