“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Türkiyə Super Liqasının 14-cü turunda keçiriləcək İstanbul derbisi – “Fənərbaxça” ilə oyundan əvvəl açıqlama verib. Qarşılaşma bu gün saat 21:00-da start götürəcək.
Newsport.az “Fanatik”-ə istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı komandasına sakitliyi qorumağı tapşırıb:
“Bizim üçün aqressiya yoxdur. Sakit olacağıq və matçı tam heyətlə başa vuracağıq”.
Buruk bildirib ki, heç bir futbolçu, həmçinin, zədədən sonra meydana çıxmağa hazır olduğunu deyən Viktor Osimhen özünü məcbur hiss etməməlidir:
“Kimə nə qədər ehtiyacımız olsa da, ağrı hiss edirsizsə və ya hansısa bir probleminiz varsa, bunu gizlətməyə ehtiyac yoxdur. Lazım gəlsə, ehtiyat oyunçular skamyasına qayıtmaqdan çəkinməyin. Komandaya kömək etməyə çalışarkən özünüzə zərər yetirməyinizə ehtiyac yoxdur”.
Viktor Osimhen iki həftə əvvəl milli komandanın düşərgəsində zədələnmişdi.
“Qalatasaray” hazırda Super Liqada 32 xalla liderdir və ən yaxın izləyicisi “Fənərbaxça”nın isə 31 xalı var.