Joao Feliks yenidən “Benfika”da oynaya bilər. Lissabon klubu yetirməsini geri qaytarmaq üçün danışıqlar aparır.
Newsport.az xəbər verir ki, Portuqaliya təmsilçisi hazırda “Çelsi” ilə fəal danışıqlar aparır. Qiyməti 20 milyon avroyadək enən Feliks “Benfika” üçün yaxşı seçimdir. Klub rəhbərliyi Joaonun vətənində yenidən əvvəlki səviyyəsinə qayıdacağına ümid edir.
Feliks 6 il öncə “Atletiko”ya 127 milyon avroya satılmışdı. Amma onun Madriddə işləri yaxşı getmədi. Əsas heyətə düşə bilməyən hücumçu “Çelsi”yə, daha sonra “Barselona”ya icarəyə verildi. Ötən yay 52 milyon avro ödəyərək Feliksi transfer edən “Çelsi” də portuqaliyalını 6 ay sonra “Milan”a icarəyə göndərdi.
Heç bir klubda ümidi doğrultmayan Joao indi “Çelsi”dən ayrılmağa qərar verib. Heç kim ona maraq göstərmədiyindən londonlular 25 yaşlı hücumçunu məhz ilk klubuna təklif edib.