Ümumdünya Futbol Gününü qələbəylə qeyd edək!
Avropa Liqasının qrup mərhələsində son oyun günü xüsusi bir günə təsadüf edir. Belə ki, bu gün Ümumdünya Futbol Günüdür. BMT-nin qərarıyla bu bayram hər il dekabrın 10-da qeyd olunur. Məhz belə bir əlamətdar gündə qrupdakı təmsilçilərimiz “Qarabağ”la “Qəbələ”nin azarkeşlərimizi qələbəylə sevindirmələri ikiqat bayram olacaq.
"Qarabağ"ın taleyi yalnız öz əlində olmasa da...
Bu, xüsusilə “Qarabağ”a aiddir. Çünki Ağdam klubu “Qəbələ”dən fərqli ardıcıl 2-ci mövsümdür son turda 1/16 finala çıxmaq şansını saxlayır. Ona nail olmaq üçünsə “Anderlext”ə səfərdə qalib gəlmək lazımdır. Bu halda Brüssel təmsilçisinə çatacaq Qurban Qurbanovun komandası şəxsi oyunlara görə onu qabaqlayacaq. Məqsədə çatmaq heç də asan məsələ olmasa da, “Qarabağ”ın həmin “Anderlext”ə Bakıda qalib gələ bildiyini unutmaq olmaz.
Düzdür, onu da nəzərə alaq ki, “Qarabağ”ın taleyi yalnız özündə deyil. Çünki onu 1 xal qabaqlayan 3-cü pillənin sahibi “Monako” qalib gələrsə, Belçikadakı qələbənin heç bir əhəmiyyəti olmayacaq. Ancaq fransızların bunu “Tottenhem”lə çətin səfər matçında etməli olduğunu nəzərə almalıyıq. Bu qrupda Londona səfər edənlər bir qayda olaraq məğlub qayıdıblar. “Tottenhem” 1/16 finala vəsiqəni həll etsə də, liderliyini hələ rəsmiləşdirməyib. İngiltərə klubuyla “Anderlext” şəxsi oyunlar hərəyə 1 dəfə evdə 2:1 hesabıyla qalib gəldiklərindən eynidir. Deməli, bu zaman topların fərqi önəmli olacaq ki, “Tottenhem”ə məğlubiyyət onu liderlikdən məhrum edə bilər. Ancaq Londonda heç-heçə həm meydan sahiblərinə 1-ci yeri tutmaq, həm də “Qarabağ”a onunla birgə qrupdan çıxmaq baxımından sərfəlidir.
"Qəbələ"nin ilk qələbə, "Krasnodar"ın zirvə savaşı
“Qəbələ”yə stimul verən isə qrupda ilk qələbəsini qazanmasıdır. Hər halda, klubun tarixində ən uğurlu ili major notda bitirmək çox yaxşı olardı. Xallarını PAOK-la qolsuz bərabərliklə nəticələnən oyunlarda qazanan Roman Qriqorçukun yetirmələri elə bu rəqibi qabaqlamaq imkanına malikdir. PAOK-un “Borussiya”yla Dortmunddakı matçda uduzacağı daha inandırıcı görünür. Deməli, bu halda “Krasnodar” üzərində qələbəmiz qrupda 3-cü yeri tutmağımız demək olacaq.
Rusiya klubu Bakıya gələnədək qrupdan çıxmaq məsələsini həll etsə də, 1-ci yeri hələ rəsmiləşdirməyib. Hazırda qrupa başçılıq edən Oleq Kononovun yetirmələrinin “Borussiya”dan şəxsi oyunlarda üstün olması xeyrinədir. “Krasnodar”ın belaruslu çalışdırıcısı Bakıda oyunöncəsi mətbuat konfransında 1-ci yerin tutmağın onlar üçün nə qədər vacib olduğunu, 2-ci olarlarsa 1/16 finalda güclü rəqiblə düşmək istəmədiklərini gizlətmədi. Bu üzdən “Krasnodar” üçün son tur formal yox, zirvə savaşı olacaq. “Qara öküz”lərlə Krasnodardakı matçda yaxşı təsir bağışlayan "Qəbələ"nin evdə qələbə qazanmaq şansı az deyil.
Bizim üçün uğursuz statistikaya son qoyaq!
Bugünkü oyunlar klublarımıza uğursuz statistikaya son qoymaq baxımından da stimul verməlidir. Belçika klublarına evdə avrokuboklarda həmişə 1:0 hesabıyla qalib gəlsək də, səfərdə əskər vaxt uduzmuş, yalnız 1 dəfə heç-heçə etmişik. “Qarabağ”ın bu ölkədə yeganə oyununu 4 il öncə Avropa Liqasında “Brügge”ylə olub və böyükhesabı məğlubiyyətlə nəticələnib - 1:4. “Anderlext” isə Azərbaycan klubuyla yeganə ev oyununda daha böyükhesabla qalib gəlib. Bu, 10 il öncə Çempionlar Liqasında (ÇL) "Neftçi" üzərində 5:0 hesablı qələbədir.
Ruslara isə avrokuboklarda qalib gələ bilməmişik. Bu, “Neftçi”nin MOİK-lə ÇL-də və “Rubin”lə Avropa Liqasının qrup matçlarında olub. Hətta “Krasnodar”la matçadək şimal qonşularımıza qol da vura bilməmişdik ki, buna ilk dəfə "Qəbələ"nin kapitanı Luis Hilario Dodo nail oldu. İndi qalır növbəti ilkə imza atmaq ki, bunun üçün qələbə qazanmaq lazımdır. İnanırıq ki, "qırmızı-qara"lı motodorlar "qara öküz"ləri bu dəfə ram edə biləcək.