"İnter"in hücumçusu Marko Arnautoviç xoşagəlməz hadisə ilə üzləşib.
Newsport.az xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb.
Bildirilir ki, iki naməlum şəxs futbolçunun Kantu şəhərindəki evini qarət etməyə çalışıb. Hadisə 3 gün əvvəl baş verib.
Saat 23:00 radələrində beysbol dəyənəkləri ilə silahlanmış iki naməlum şəxs həyətyanı sahədən villaya daxil olub. Marko həmin vaxt evdə olmayıb. Qarətçilər villanın mühafizəçilərinə hücum ediblər. Mühafizəçilərdən biri çiynindən ağır xəsarət alıb.
Lakin binada barrikada quraraq polisə zəng edən daha iki mühafizəçinin çevik hərəkətləri sayəsində hücumun qarşısı alınıb. Qarətçilər heç nə oğurlamadan qaçmağa məcbur olublar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri gəlib. Xəsarət alan mühafizəçiyə yerindəcə ilkin tibbi yardım göstərilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.