Xorvatiya mətbuatı Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun “Zirə” və “Hayduk”(Split) komandaları arasında keçiriləcək oyunlar haqda yazıb.
Newsport.az xəbər verir ki, “Direktno.hr” portalı Split klubunun avrokuboklardakı uğursuz çıxışlarını xatırlayıb və "Zirə"yə qarşı diqqətli olmağı məsləhət görüblər:
"Split komandası püşkatma zamanı daha uğurlu rəqib seçə bilsəydi, bunu edərdi. "Zirə” turnirin bu mərhələsində kifayət qədər çətin rəqibdir. Bunu transfermarkt portalı göstərir. Klubun ümumi dəyəri 13,6 milyon avrodur ki, bu da önəmlidir. Komandalar arasında ilk oyun iyulun 23-də baş tutacaq, cavab matçı isə daha sonra səfərdə olacaq. "Hayduk" ilk görüşünü 2800 km aralıda oynayacaq.
Üstəlik, ötən mövsüm “Zirə” “Osiyek”i turnirdən kənarlaşdırdı. Xorvatiya təmsilçisinin isə zəif olduğunu demək olmaz. Görünən odur ki, Azərbaycan klubu çox layiqli komandadır və “Hayduk” çox diqqətli olmalı, bu matça son dərəcə diqqətlə yanaşmalıdır. Bunun bir neçə səbəbi var. Split təmsilçisinin “Tobol”, “Dila”, “Debretsen”, “Jilina” kimi ekzotik rəqiblərlə mübarizələrdən sonra avrokuboklardan dramatik ayrılığı da olub. Maltanın “Qzira” klubuna məğlubiyyət 2019-cu ildə klubu sarsıdan və azarkeşləri şoka salan ən böyük uğursuzluqdur.
Azərbaycan və Malta klublarının adları çox oxşardır və yalnız bir-iki hərflə fərqlənir. Halbuki, “Zirə” “Qzira”dən qat-qat güclü və maliyyəsi güclü klubdur. Üstəlik, Azərbaycan klubu peşəkardır, maltalılar isə daha çox yarımhəvəskar idi.
Bütün bunları nəzərə alaraq, düşünürük ki, “Hayduk” həqiqətən də son dərəcə diqqətli olmalı və matçlara ciddi yanaşmalıdır. Azərbaycan klubunun çalışdırıcısı Rəşad Sadıqovun açıqlamaları onların da eyni fikirdə olduğunu göstərir. “Hayduk” azarkeşlərinin ötən mövsüm “Zirə” – “Osiyek” cütlüyünə yaxından nəzər salması məqsədəuyğun olardı, çünki artıq bir sıra oyunçuların dəyişməsinə baxmayaraq, bundan çoxlu dərslər çıxarmaq mümkündür. Xatırladaq ki, “Osiyek” penaltilər seriyasından sonra mübarizədən kənar qalmışdı".
Qeyd edək ki, “Zirə” – “Hayduk” görüşü iyulun 23-də “Neftçi Arena”da keçiriləcək. Cavab görüşü isə 31-də Splitdə baş tutacaq.