Nazim Sadıxov UFC-dəki növbəti rəqibindən daha güclü olduğunu düşünür.
Newsport.az-ın məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək azərbaycanlı idmançı mətbuat konfransında deyib.
O, rəqibinin təhlükəli olduğunu bildirib:
"Amma mən daha güclüyəm. Onun görüşdən əvvəlki fikirlərinə önəm vermirəm. Bu, mənə maraqlı deyil. Döyüş meydanında hər dediyin sözə cavab verməli olacaqsan. Yalnız növbəti görüş haqqında düşünürəm və qələbə qazanmaq istəyirəm".
N.Sadıxov Azərbaycanın digər təmsilçilərinin şanslarından söz açıb:
"Tofiq Musayev və Rafael Fiziyev baxımlı döyüş sərgiləyirlər. Fiziyev artıq top-idmançılar sırasındadır. Musayev isə özünü sübut edə bilər".
O, Fiziyevlə münasibətlərinin yaxşı olduğunu söyləyib:
"Hərdən zarafatlar edirik. Bir-birimizə burger və pizza şəkilləri göstəririk (gülür). Küçədə gəzərkən azarkeşlərlə görüşürük və onlar bizimlə şəkil çəkdirirlər".
Təcrübəli idmançı bir çox azərbaycanlının gələcəkdə UFC-də döyüşə biləcəyini vurğulayıb:
"Azərbaycanda mübarizə aparmaq şərəfdir. Bura mənim vətənimdir. Biz yerli fanatları sevindirmək istəyirik".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə üz-üzə gələcək.