Azərbaycan milli komandasının və "Eqnatiya"nın futbolçusu Zamiq Əliyevə Avropanın bir neçə klubundan təklif gəlməsi barədə xəbər vermişdik. Başda Belçikanın "Eupen" klubu olmaqla, Rusiya, Türkiyə və Ukrayna komandalarının da transfer hədəfi olan 24 yaşlı müdafiəçinin yeni mövsümə harada başlayacağı hələ ki dəqiq deyil.
Newsport az-ın məlumatına görə, Sportal.az saytına açıqlama verən Əliyev bunları deyib: "Bir neçə təklifim var. Amma hələ qərarımı verməmişəm. Klubumla da müqaviləm qüvvədədir. Təbii ki, klubumu da razı salan təklif olmalıdır. Əlbəttə, daha güclü liqalarda oynamaq istəyərəm. Hər halda, zaman hər şeyi göstərəcək. "Eqnatiya"da uğur qazandığım üçün şadam. Harasa getməsəm belə, yayda bizi Çempionlar Liqasının oyunları gözləyir".
24 yaşlı futbolçu 2024-cü il iyulun 1-dən “Eqnatiya”da çıxış edir. Onun Albaniya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.