“Milan”dan ayrılmağa qərar verən Teo Ernandes İtaliyada qala bilər. Sol cinah müdafiəçisi indi də “Yuventus”un “radar”ına düşüb.
Newsport.az xəbər verir ki, “rossonyerlər”in düşərgəsində arzuolunmaz oyunçuya çevrilən 27 yaşlı müdafiəçinin bir neçə təklifi var. İtaliya klubu 2019-cu ildə “Real”dan aldığı Teonu 40 milyon avroya satmağa razıdır. Mövcud müqavilənin müddəti gələn yay başa çatacağı üçün İspaniya əsilli fransalını bu yay satmaq qərarı verilib.
“Yuventus” Ernandesin gəlişi üçün maliyyə axtarır. Bu səbəbdən Andrea Kambyassonun satışı mümkündür. Turinlilər 3 il öncə “Cenoa”dan 13 milyon avroya aldığı 25 yaşlı müdafiəçini sata bilsə, Teonun transferinə çalışacaq. Kambyassonun hazırkı müqaviləsi 2029-cu ilin yayınadəkdir. “Qoca Sinyora” ərəb klublarının maraqlandığı futbolçusuna 40 milyon avro qiymət qoyub.