Fransa prezidenti Emmanuel Makron yarışlar zamanı hicab geyinməyə münasibət bildirib.
“Mən yarışlar zamanı hər hansı dini simvolların geyilməsini qadağan edən Olimpiya Xartiyasının tərəfdarıyam. Yarışlarda Olimpiya Xartiyasının bütün qanunlarının tətbiqinin tərəfdarıyam. Turnirlərdən kənar idman etməyə gəlincə isə, buna federasiyalar qərar verməlidir.
Yarışlarda dini simvollara yer olmamalıdır, çünki burada məsələ qadın və kişi bərabərliyi, insanlar arasında bərabərlikdir. İdman salonlarında isə məşq üçün praqmatizm lazımdır və qanunumuz bunu qadağan etmir”, – deyə “RMC Sport”a açıqlamasında Makron qeyd edib.
Fransa hakimiyyəti bir müddət əvvəl regional və milli səviyyələrdə keçirilən bütün yarışlarda – həm peşəkar, həm də həvəskarlarda siyasi və dini mənsubiyyəti açıq şəkildə ifadə edən hər hansı simvol və ya geyim elementinin olmasına qadağa qoyulmasını nəzərdə tutan təşəbbüsü təsdiqləyib. Bu qanun hələ qüvvəyə minməyib.