Braziliya prezidenti Luiz İnasiu Lula da Silva italiyalı mütəxəssis Karlo Ançelottinin yığmaya baş məşqçi təyin olunmasından danışıb.
Newsport.az xəbər verir ki, o mütəxəssisə inandığını deyib:
"Ançelotti əla məşqçidir. O, həm də mükəmməl oyunçu idi. Məncə, hazırda biz keçmişdə olanlarla müqayisə olunmayacaq dərəcədə istedad çatışmazlığı dövründəyik. 2002 və 2006-cı illərdəki hücumlarımızı xatırlamaq kifayətdir. Ümid edirəm ki, Ançelotti Braziliya millisinə kömək edə biləcək. Onun strateji cəhətdən hər şeyə hazır olduğuna inanmaq istəyirəm".
Qeyd edək ki, mayın 12-də Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunduğu açıqlanıb. O, mayın 26-da işə başlayacaq.