"Rostov”la oyun bizim üçün ağır keçdi. Çünki bir neçə gün öncə "Borussiya” ilə çətin oyunumuz olmuşdu".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Krasnodar”ın futbolçusu Vanderson deyib.
Avropa Liqasında "Qəbələ”nin rəqiblərindən olan "Krasnodar” Rusiya çempionatının 17-ci turunda dünən "Rostov”a qalib gəlib (2:1). Matçdan sonra fikirlərini bölüşən 29 yaşlı braziliyalı yarımmüdafiəçi yorğunluqdan şikayətlənib. O, paralel olaraq, Avroliqada çıxış etdiklərini xatırladaraq, avrokubokun işlərini çətinləşdirdiyini bildirib: "Avroliqa oyunundan sonra çempionat görüşünə çıxmaq heç də asan deyil. İstər-istəməz yorğunluq özünü göstərir. Buna görə də fərqli hissələr keçirdik. Amma əsas odu ki, meydandan 3 xalla ayrıldıq. Bu ilin son görüşlərində də qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, 2012-ci ildən "Krasnodar”ın formasını geyinən Vanderson Rusiyada "Qəbələ”yə qalib gəldikləri oyunda (2:1) komandasının ilk qoluna imza atmışdı. "Qəbələ” ilə "Krasnodar” arasındakı Bakıdakı qarşılaşma isə dekabrın 10-da keçiriləcək.