"Real" Karlo Ançelottiyə növbəti mövsüm üçün maaşını ödəyəcək.
Newsport.az xəbər verir ki, "Relevo"nun məlumatına görə, klub prezidenti Florentino Peres italyan mütəxəssisə müqavilədə nəzərdə tutulmuş məbləği tam ödəməyi planlaşdırır. Ançelottinin müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və o, sənəddə göstərilən maaşı alacaq.
Tərəflər arasında kompensasiyanın tam məbləğdə olmaması barədə razılaşma ehtimalı olsa da, ümumilikdə "Real" bütün öhdəliklərini yerinə yetirməyə hazırdır.
Bundan əlavə, Ançelotti məşqçilik karyerasını başa vurduqdan sonra "Real"ın səfiri olmaq imkanı əldə edəcək.
Karlo Ançelotti İspaniya çempionatının sonuna qədər "Real"ın baş məşqçisi postunda qalacaq və daha sonra, gözlənildiyi kimi, Braziliya millisinin baş məşqçisi olacaq. Ançelottinin "Real"dakı son oyununda onun şərəfinə mərasim təşkil olunacaq. Mərasimdə klubun hazırkı və sabiq futbolçuları iştirak edəcək, həmçinin Ançelottinin qazandığı titullar nümayiş olunacaq.