"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqa çempionluğunu qeyd etdikləri zaman komandanın sabiq çalışdırıcısı Yurgen Kloppa təşəkkür edib.
Newsport.az xəbər verir ki, "mersisaydlılar" ötən gün Premyer Liqanın 34-cü turunda "Tottenhem"ə qalib gəliblər və xallarının sayını 82-yə çatdıraraq sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər.
Slot isə çempionluğu qeyd edərkən stadionda azarkeşlərlə birlikdə mütəxəssisin adını səsləndirib. O, bunun səbəbini də açıqlayıb. Mövsümün əvvəlində Yurgen Klopp da Arne Slotun baş məşqçi təyin olunduğu vaxt ona dəstək olub və azarkeşlərlə birlikdə mütəxəssis üçün şüarlar söyləmişdi. Slot isə açıqlamasında Kloppa vəfa borcunu ödəmək üçün belə addım atdığını bildirib.
"Onun mənə görə etdikləri səbəbindən belə hərəkət etdim. Klopp bu kluba daha çox köməklik göstərib. Oyunçuların keyfiyyəti hər kəsə bəlli idi. Klopp mükəmməl bir mədəniyyət və komanda qurub getdi. Cari mövsüm əldə etdiyimiz nailiyyətlərin səbəblərindən biri də budur. Mən düşündüm ki, indi Kloppa təşəkkür etmək üçün yaxşı andır".
Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb.