İtaliya A seriyasının 32-ci turunun "Latsio" - "Roma" matçından (1:1) əvvəl komandaların azarkeşləri arasında qarşıdurma yaşanıb.
Newsport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Roma derbisindən öncə iğtişaşlar 500-ə yaxın “Roma” azarkeşinin “Latsio” fanatlarının toplaşdığı yerə doğru getməsi ilə başlayıb.
Bildirilir ki, Roma Olimpiya Stadionu yaxınlığındakı Kardinal Konsalvi meydanında azarkeşlər polisə daş, butulka, məşəl atıblar. Milvian körpüsündə yüzdən çox "Latsio" azarkeşinin polisə hücum etdiyi də bildirilir.
Qarşıdurma zamanı zibil qutuları, eləcə də yaxınlıqdakı müəssisələrin stol və stulları aşıb. Bir neçə avtomobilə də ziyan dəyib. Bundan başqa, stadionun yaxınlığında dəyənəklər və dəmir borular tapılıb.
İğtişaşları yatırmaq üçün polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisələr zamanı 13 asayiş keşikçisinin yaralandığı bildirilir.