“Barselona”nın Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfərə gəlib.
Newsport.az xəbər verir ki, La Liqa klubunun nümayəndələri bu gün əvvəlcə “ASK Arena”da olublar. Arenanın əsas stadionunun durumu ilə tanış olan qonaqlar daha sonra idmançıların yerləşdiyi bazaya, stadionun ərazisinə və ətrafına baxış keçiriblər.
“Barsa”nın nümayəndələri daha sonra “Liv Bona Dea Arena”ya baş çəkiblər. Onlar futbolçuların yerləşdiyi bazanı ziyarət edib, fitness zalı, paltardəyişmə otaqları və yaradılan şəraitlə tanış olublar.
Hər iki arenaya səfər zamanı qonaqları AFFA nümayəndələri müşayiət ediblər.
“Barselona” rəsmilərinin səfərinin məqsədi Azərbaycanda bu klubun akademiyasının açılacağı ilə bağlıdır.