İspaniyanın "Atletiko" klubunun futbolçusu Aleksandr Sörlot "Barselona" ilə matçlarda qeyri-adi uğura imza atıb.
Newsport.az "Opta Sport"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu buna Kataloniya təmsilçisi ilə heç-heçə (4:4) etdikləri ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
90+3-cü dəqiqədə qarşılaşmadakı sonuncu qola imza atan forvard "Barselona" ilə görüşlərdə üçüncü dəfə uzatma dəqiqələrində rəqib qapısına yol tapıb.
Norveçli hücumçu 2003/2004 mövsümündən sonra bütün yarışlarda kataloniyalılara əlavə olunmuş dəqiqələrdə ən çox qol vuran futbolçudur.
"Atletiko"nun sabiq forvardı Fernando Torres və hazırda "Real"da çıxış edən Cud Bellinqem iki dəfə bunu bacarıblar.
Qeyd edək ki, Aleksandr Sörlot cari mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.