"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Gülerin yanvar ayında komandadan ayrılacağı barədə məlumatlara münasibət bildirib.
Newsport.az xəbər verir ki, mütəxəssis bu məlumatları təkzib edib və 19 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisində qalacağını deyib:
"Endrik və Arda komandada qalacaqlar. Bir az daha çox oyun şansına ehtiyacları ola bilər. Amma mən heç kimə qarşı qərəzlə yanaşmıram. İstər 18 yaşında olsun, istərsə də 40. Komandanı ən düzgün şəkildə meydana çıxarmağa çalışıram. Bu, bəzən Arda və Endriklə olur, bəzən də onlarsız. Gənc futbolçulara qarşı səbrli davranmağınız lazımdır. Gənclərə qarşı qərəzim yoxdur. Karyeram ərzində istedadlı olduğunu düşündüyüm 17 və 18 yaşlı gənclərə şans vermişəm".
Qeyd edək ki, Arda 2023-cü ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız ötən qış komandada debüt edə bilib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 17 matçda iştirak edib, 1 qol və 1 qol ötürməsinə imza atıb.
Mətbuatda futbolçunun az oyun şansı aldığına görə klub rəhbərliyindən icarəyə göndərilməyi tələb etdiyi haqda məlumatlar yayılmışdı.