“Mançester Siti” daha bir Edersonla güclənmək istəyir. Braziliyalı qapıçının adaşı “Atalanta”dan gələ bilər.
Newsport.az xəbər verir ki, ardıcıl 4 oyundur uduzan “şəhərlilər” Rodrinin boşluğunu doldura bilmir. Zədələnərək mövsümü erkən başa vuran ispan dayaq yarımmüdafiəçisinin yoxluğunda komanda ciddi şəkildə zəifləyib. Məhz bu üzdən “Qızıl Top” sahibinin mövqeynə alternativlər axtarılır.
Bir neçə namizəd arasında ən çox bəyənilən Edersondur. İtaliya klubu ilə anlaşmaq mümkün olsa, yanvarda bu transfer reallaşacaq.
25 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yanvarından A Seriyasında çıxış edir. “Salernitana” “Korintians”dan 6,5 milyon avroya aldığı oyunçunu 6 ay sonra 23 milyona “Atalanta”ya satıb. Onun berqamolularla mövcud anlaşmasının müddəti 2027-ci ilin yayında bitir. Futbolçunun bazar dəyəri 40 milyon avrodur.