İspaniya Primerasının təmsilçisi "Espanyol" əsas futbolçularından biri ilə yeni müqavilə bağlayıb.
Newsport.az-ın məlumatına gör, Barselona təmsilçisi Felipe Kaysedo ilə "nikah təzələyib".
27 yaşlı futbolçu yeni anlaşmaya əsasən, 2019-cu ilin yayına qədər "tutuquşular"ın şərəfini qoruyacaq. Qeyd edək ki, o, cari mövsüm La Liqada 9 oyuna çıxaraq 4 qol vurmağa müvəffəq olub.
Yeri gəlmişkən, ekvadorlu futbolçunun "Espanyol"a gəlməmişdən öncə, ötən il Rusiya "Lokomotiv"indən (Moskva) BƏƏ təmsilçisi "Əl-Cəzirə"yə keçidi qalmaqala səbəb olub. Artıq məsələyə FİFA-da, Oyunçuların Statusu Komitəsində baxılıb. Belə ki, 2011-ci ilin iyulunda "Loko" ilə 4 illik müqavilə bağlayan, lakin 2014-cü ilin yanvarında "Əl-Cəzirə"yə keçən futbolçu üçün ödənməli olan 10 milyon avronu hissə-hissə verən əmirlik təmsilçisi futbolçu İspaniyaya getdikdə sonra ödənişi dayandırıb. FİFA-nın uyğun Komitəsi isə transferin müddəalarını tam yerinə yetirmədiyinə görə, BƏƏ klubunu cərimələrlə birgə "Lokomotiv"ə 1,8 milyon avro ödənməsinə qərar verib. Bu pul 1 ay ərzində hesaba oturmalıdır.