UEFA-nın keçmiş prezidenti Mişel Platini futbolun dəyişməli olduğunu bildirib.
Newsport.az xəbər verir ki, fransalı əfsanəvi futbolçu "RMC Sport"ə müsahibəsində diqqətçəkən fikirlər səsləndirib.
Onun fikrincə, komandalarda oyunçu sayını azaltmaq olar:
"1900-ci ildən komandalar bir-birinə qarşı 11 nəfərlə oynamağa başladı. Amma o zaman futbolda sürət az idi. Futbolçular indiki ilə müqayisədə yavaş qaçırdı. İndi isə artıq komandalarda oyunçu sayını 10-na endirmək olar. Bu, meydanda oyunçular üçün zonanı da genişləndirər".
Platini həm də o fikirdədir ki, ofsayd qaydalarında dəyişiklik edilməməlidir.
"Bizim nəsil futbolu çox izləmir"
69 yaşlı Platini bildirir ki, onun nəslindən olan insanlar indi futbolla çox maraqlanmırlar: "Mən yaşda olan insanların çoxu artıq futbolu izləmir. Çünki özlərini oyunun içində görə bilmirlər. Bu gün keçmişlə müqayisədə daha çox ötürmə edirlər. Mən bunu tənqid etmirəm. Amma bizim nəsildən insanlar - hansı ki, hücum futbolu daha çox görmüşdülər - bunu anlaya bilmirlər".