Ünlü braziliyalı futbolçu Ronaldinyo hələ futbola qayıtmağa tələsmir.
Newsport.az-ın məlumatına görə, "Barselona” və Braziliya yığmasının sabiq üzvü özünə yeni iş yerini gələn il tapacağını bildirib.
35 yaşlı futbolçu bu il Meksika "Keretaro”su və Braziliya "Fluminense”sində uğursuz mövsüm keçirib. İyulda vətəninə dönən "yekədiş” sentyabrın sonlarında qarşılıqlı razılıq əsasında "Flu” ilə də yolları ayırdı.
"Marca Brasil”ə danışan Roni qeyri-adi fikir səsləndirib: "Futbola gələn il qayıdacam. Amma harda oynayacağımı dəqiq bilmirəm. Hazırda yalnız istirahət barədə düşünürəm. Fikrimcə, ağır il keçirdikdən sonra bir qədər əylənə bilərəm. Həqiqətən istirahətə ehtiyacım var”.
Qeyd edək ki, məşhur futbolçu hazırda agent statusu daşıyır.