İrlandiyanın “Sent Patriks” klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 52 yaşlı mütəxəssis evdə baş tutacaq ilk matçdan uğurlu nəticə ilə ayrılmaq istədiklərini bildirib.
Kenni avqustun 11-də İrlandiya çempionatı çərçivəsində “Qalvey”lə səfər görüşünün təxirə salınmamasına da münasibət bildirib. Onun fikrincə, bu amil rəqibə üstünlük qazandırır: “Sabah”la oyuna maksimum dərəcədə yaxşı hazırlaşmalıyıq. Təqvim sıxlığı motivasiyamıza mənfi təsir etməməlidir. Rəqib kimi, bizim də mərhələ adlamaq şansımız var və bundan yararlanmaq üçün əlimizdən gələni etməliyik. Əvvəlcə çempionat çərçivəsində Qalveyə, ardından isə avrokubok matçı üçün Bakıya yollanacağıq. Bu isə bizə üstünlük vermir, əksinə, şansımızı azaldır”.
Qeyd edək ki, avqustun 8-də keçiriləcək “Sent-Patriks” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.