“Liverpul”dan ayrılan qapıçı Adrianın yeni klubu müəyyənləşib. Newsport.az xəbər verir ki, 37 yaşlı qolkiper ölkəsi İspaniyaya qayıdıb.
O, sabiq komandası “Betis”lə anlaşıb. La Liqa təmsilçisi azad agent statusu daşıyan qapıçı ilə 2 illik müqavilə bağlayıb. “Betis”in yetirməsi olan Adrian 2012-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib.
Qeyd edək ki, Adrian 2019-cu ildən bəri formasını geyindiyi “Liverpul”un heyətində İngiltərə çempionatını, ölkə kubokunu, UEFA Superkubokunu və Klublararası Dünya Kubokunu qazanıb.