Məşhur məşqçi Joze Mourinyonun "Fənərbaxça"nı çalışdıracağı dəqiqləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssis bu gün İstanbula gələcək.
Klub Bakı vaxtı ilə saat 20:00-da Şükrü Saracoğlu adına stadionda Mourinyo üçün təqdimat mərasimi keçirəcək. "Fənərbaxça" sosial şəbəkə hesablarında azarkeşlərini mərasimə dəvət edib.
Qeyd edək ki, Mourinyonun son klubu "Roma" olub. O, 2021-ci ilin yayından 2024-cü ilin yanvarına qədər "Roma"ya rəhbərlik edib. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub, 2022/2023 mövsümündə isə Avropa Liqasının finalına yüksəlib.
Portuqaliyalı məşqçi daha əvvəl "Benfika", "Portu", "İnter", "Çelsi", "Real", "Mançester Yunayted" və "Tottenhem"i də çalışdırıb.
Xatırladaq ki, "Fənərbaxça" son baş məşqçisi İsmail Kartalla mayın 31-də yollarını ayırıb. Komanda onun rəhbərliyi altında Superliqanın 2023/24 mövsümünü 2-ci pillədə başa vurub.