“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının finalında “Atalanta” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis görüşə hazır olduqlarını bildirib.
Alonso Bundesliqa çempionluğundan sonra Avropa Liqasını da qalib kimi bitirmək istədiklərini söyləyib: “Can Pyero Qasperininin rəhbərliyi altında “Atalanta” son beş ildə çox tanınan komandaya çevrilib. Onları tanıyırıq, lakin inkişaf etməkdə davam edirlər. Almaniyada bənzər mentalitetə malik rəqiblərə qarşı oynamışıq. Əhəmiyyətli olan bizim zehniyyətimizdi. Kuboku qazanmaq və bayram atmosferinin davam etməsini istəyirik. Bu mövsüm 51 oyun keçirmişik. Onların hamısına da oxşar formada hazırlaşmışıq. Qarşıdakı iki matçda da hədəfimiz qələbə qazanmaq olacaq”.
Çalışdırıcı hər iki komandanın eyni taktikada oynadığını əlavə edib: “Avropa Liqası oyunlarından əvvəl penaltilər üzərində məşq edirdik. Onlara hələ ehtiyacımız olmayıb. Ancaq heç vaxt nə olacağını bilmirsiniz. Qasperini ilə ilk duelim olacaq və bu, böyük şərəfdi. Hər iki komanda 3-4-3 sxemində oynayır, lakin çevik ola və taktikanı dəyişə bilərik. Əsas futbolçuların oyun vəziyyətlərini necə oxumalarıdı. “Atalanta”nın oyunçuları xüsusi bacarığa qadirdilər. Oyun planı bir şəkil, matç isə filmdi”.
Qeyd edək ki, bu gün “Aviva” stadionunda keçiriləcək “Atalanta” – “Bayer” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.