“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti”yə qarşı keçiriləcək cavab oyunu barədə fikirlərini bildirib. Newsport.az xəbər verir ki, o, İngiltərə təmsilçisindən çəkinmədiklərini söyləyib.
Pleymeyker “şəhərlilər”in favorit hesab olunmasının onları narahat etmədiyini əlavə edib: “Ümid edirəm ki, qalib gələcəyik, bu, prioritetdi. Qalan məsələlər ikinci dərəcəlidi. Rəqibin gözlənilməz olduğunu bilirik. Onlara qarşı özünüzü müdafiə etməli və bir komanda olaraq çalışmalısınız. Biz cəsarətli olmalıyıq. “Mançester Siti” “trebl” etdiyi üçün insanlar onları favorit sayır. Amma biz “Real”ıq və özümüzə arxayınıq”.
Qeyd edək ki, bu gün “Etihad” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüş 3:3 hesabı ilə başa çatıb.