Bu gün Joze Mourinyonu istefaya göndərən "Roma" artıq yeni baş məşqçi tapıb.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Komanda keçmiş yarımmüdafiəçi Daniele De Rossiyə tapşırılacaq.
De Rossi ən az bu mövsümün sonuna kimi A seriyası təmsilçisinə rəhbərlik edəcək.
De Rossi 2002-2019-cu illərdə "Roma"da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matça çıxıb, 63 qol vurub və 60 qolun ötürməsini verib. De Rossi karyerası ərzində yalnız SPAL-a (İtaliya) baş məşqçilik edib.
Əlavə edək ki, "Roma" A seriyasının 20 turundan sonra 29 xal toplayıb və 9-cu pillədə qərarlaşıb.