"Kopenhagen"in futbolçusu Rasmus Folk "Qalatasaray"ın baş məşqçisi Okan Burukun onlar haqqında dediyi sözlərə münasibət bildirib.
Newsport.az xəbər verir ki, "Kopenhagen" Çempionlar Liqasının A qrupunda pley-offa vəsiqə uğrunda "Qalatasaray"ın əsas rəqibidir. O.Buruk 5-ci tur çərçivəsində keçirilən "Bavariya" - "Kopenhagen" görüşü (0:0) haqqında danışarkən Almaniya təmsilçisinin Danimarka klubuna qalib gəlməyə çalışmadığını deyib:
"Bavariya"nın "Kopenhagen"ə xal verməsi məyusedicidir. "Bavariya" ilk dəfə rotasiya etdi və qələbə qazanmaq istəyirmiş kimi oynamadı".
Bu sözlər "Kopenhagen"in narazılığına səbəb olub. Komandanın futbolçusu Rasmus Folk Okan Burukun fikirlərini hörmətsizlik adlandırıb: "Bavariya"nın və bizim ortaya qoyduğumuz oyunla əlaqədar deyilənlər hər iki komandaya qarşı hörmətsizlikdir. "Bavariya" heç bir halda geri çəkilmirdi".
Qeyd edək ki, "Bavariya" hazırda ÇL-in A qrupunda 13 xalla 1-cidir. Münhen təmsilçisi sona 1 tur qalmış qrup liderliyini təmin edib. "Kopenhagen" 5 xalla 2-ci, eyni xalı olan "Qalatasaray" 3-cü, "Mançester Yunayted" isə 4 xalla sonuncudur.