"Yoldaşlıq oyunlarındakı səhvlərin üzərində işləmişik" Millinin üzvü

Futzal üzrə Azərbaycan millisinin təcrübəli oyunçusu Namiq Məmmədkərimov AFF-nin mətbuat xidmətinə müsahibə verib.

 

Newsport.az həmin müsahibəni təqdim edir:

 

- İki gündü oyunların keçiriləcəyi Lyublyanadasınız. Komandada ab-hava necədi?
- Hazırlığa yanvarın 10-dan başlamışıq və həmin gündən məşqləri səhər və axşam olmaqla, gündə 2 dəfə edirik. Bəzi günlərdə bir hazırlıqla kifayətlənmişik. Təbii ki, uzunmüddətli hazırlıq müddətində hər kəs çalışdı ki, özünü yaxşı tərəfdən göstərə, baş məşqçinin istədiyini ona qaytara bilsin. Buna nə dərəcədə nail olmuşuq, oyunlar və nəticələr göstərəcək. Hazırda hər şey yaxşıdı və əhval-ruhiyyə yüksəkdi. Məncə, nəticələr də yaxşı olacaq.

 

- Oyunun keçiriləcəyi "Stojiçe Arena"da məşq keçdiniz. Bu örtükdə final mərhələsi üçün hazırlanmış toplarla oynamaq çətin deyil?
- Örtük çox yaxşıdı, toplar da rahatdı. Sadəcə, problem topla parketin təması zamanı sürətlə hərəkət etməsidi. Bu bir qədər yenilikdi bizim üçün.

 

- Bu məqam oyun zamanı problem yarada bilərmi?
- Oyuna qədər uyğunlaşacağıq. Bura tez gəlməyimizin üstünlüyündən istifadə etməliyik. Yəni məşqlərdə buna tez uyğunlaşmalıyıq ki, oyunlarda çətinlik çəkməyək.

 

- Bəs qrupdakı rəqiblərimizlə bağlı nə düşünürsən?
- Aydın məsələdi ki, bu mərhələdə zəif komanda olmur. İspaniya bu oyunun kralıdı. Fransa ilə şansımız isə 50-nin 50-yədi. Oyunlarını izləmişik. Debütant olsalar da, indi yaxşı formadadırlar.

 

- Təhlükəli tərəfləri nələrdi?
- Fərdi oyuna üstünlük verirlər. İmkan tapdıqca, rəqibi təkbətək keçməyə çalışırlar. Fiziki və atletik baxımdan seçilirlər. Biz zonalı, onlar isə fərdi oyuna üstünlük verir.

 

- Taktiki cəhətdən necə, rəngarənglik varmı?
- Öz oyun üslubları var və çalışırlar sona qədər buna riayət etsinlər. Aut xətti yaxınlığında keçidlər etməyi sevirlər.

 

- Fransanı indiyə qədər oynadığımız komandalardan hansına bənzətmək olar?
- İranla demək olar, yaxın gəlir. Ancaq İran kimi güclü deyillər. İran millisi dünya reytinqində 4-5-ci yerlərdə qərarlaşıb. Bu komanda ilə yoldaşlıq oyunu keçirməkdə məqsədimiz fransızlara qarşı oynayacağımız taktikanı müəyyənləşdirmək idi. Yoldaşlıq oyunlarındakı səhvlərin üzərində işləmişik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right