Rəcəb Fərəczadə: “Qalan 19 turda hər şey dəyişə bilər”

Yüksək Liqanın IX turunda EKOL-la qarşılaşan və hesabda 2 top fərqi ilə geri düşməsinə rəğmən yekunda bərabərliyə nail olan və 1 xal qazanan “FK.İD.Futsal”ın təcrübəli oyunçusu Rəcəb Fərəczadənin AFF-nın rəsmi facebook səhifəsinə müsahibə verib.

- EKOL-la oyunda topa daha çox siz nəzarət etsəniz də, rəqibin hesabda 2 top fərqi ilə irəli çıxmasına mane ola bilmədiniz. Amma əzmkarlıq göstərərək 1 xal qazandınız. Oyun sizin üçün niyə belə alındı? 
- Bilirdik ki, çətin olacaq. Çünki EKOL-un oturuşmuş və təcrübəli heyəti var. Komandamız isə yeni yığılıb. İstəniləni vermək üçün müüəyyən qədər vaxt lazımdı. Ancaq rəqibimizdən çəkinmədik, yaxşı mübarizə apardıq. Düzdü, onlar iki səhvimizdən qol vurdular, biz isə fürsətləri qaçırdıq. İstənilən halda, 1 xal qazandıq. Bu komanda ilə birinci dövrədəki oyunumuz da ağır keçdi. 

- Oyunu yenidən xatırlasan 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?
- Məncə, oyunun ədalətli nəticəsi heç-heçə idi. Buna görə də hər iki komanda 1 xal qazandı. Oyun ərzində üstünlüyümüz var idi, ancaq yeni yığılmış komandayıq, yeni-yeni oyunumuzu tapırıq. Növbəti dövrədə bundan yaxşı oynayacağıq. 

- Sizin də heyətinizdə Yüksək Liqa təcrübəsi olan oyunçular az deyil – Ağatahir Əzimov, özün, Nihad İsmayılov, Faiq Əliyev və s. Belədə rəqibin təcrübəli olmasını qabartmaq nə dərəcədə düzgün izahdı?
- Rəqibin təcrübəli olmasını deməklə, onların favorit olduğunu vurğulamadım. Heç bir rəqibimizdən çəkinmirik, oyunlarda da sona qədər mübarizə aparırıq. Sadəcə, tam formalaşmağımız üçün zamana ehtiyac var idi. Oyundan oyuna artırırıq. 

- Necə düşünürsən, qış fasiləsi zamanı transferlərə ehtiyac varmı?
- Müəyyən mövqelər var ki, gücləndirmək lazımdı. Baş məşqçi və komandanın rəhbərliyi bunu bilir. Yəqin ki, fasilədən istifadə edib, 2-3 yeni oyunçu transfer olunacaq. Çünki mükafatçılar sırasına düşmək üçün bu lazımdı. Rəhbərlik bizə deməyib ki, mütləq çempion olmalısız, ya da gümüş medal qazanmalısınız. Bu mövsüm komandanı formalaşdırmaq tapşırılıb. Ancaq özümüz fikirləşirik ki, niyə üst sıralardan birini tutmayaq. Komanda üçün hər cür şərit yaradılıb. Biz də bunun qarşılığını nəticələrimizlə vermək istəyirik. 

- Xal fərqi artır. Bu baxımdan, mükafatçılar sırasına düşməyiniz real görünür?
- Çempionatın hələ 9 turu oynanılıb. Qalan 19 turda hər şey dəyişə bilər. Heç kim indidən hansısa medalı özü üçün təmin etməyib.  

- Yeri gəlmişkən, komanda yoldaşlarına  tez-tez məsləhətlər verdiyini gördük. Hətta fasilədə də necə oynamağın məqbul olduğunu izah edirdin. Deyəsən, illərdi yığdığın təcrübə işinə yarıyır?
- Bizdə bütün tapşırıqları baş məşqçi verir. Sadəcə, təcrübəli oyunçulara imkan yaradır ki, müəyyən məqamlarda təcrübəmizi komanda yoldaşlarımızla bölüşək. Təbii ki, uğura aparan bütün yollar məqbuldu. Biz komandayıq, bir-birimizə kömək etməli, dəstək olmalıyıq. Çünki komanda həm də ailədi.

- Amma oyunlarda az iştirak edirsən. Səbəbi nədi?
- Düzgün qeyd etdiniz. Dizimdə zədəm var, bu üzdən bütün oyunlarda iştirak edə bilmirəm. Təsəvvür edin, 8 oyun keçirmişik, mən 3-4 qarşılaşmada meydana çıxmışam. Zədəm imkan verdikcə, komanda yoldaşlarıma kömək etməyə çalışıram. 

- Çempionatın ümumi mənzərəsi necədir?
- Mənzərə çox dəyişib. Daha ancaq 2 rəqib haqda düşünmürük. Əvvəl “Neftçi”də oynayanda “Araz” və EKOL-la oyunları fikirləşirdik. İndi sonuncu pillədə gedən komanda da ciddi müqavimət göstərir. Hətta onlarla oyunda xalları yarı bölməli olduq. Təbii ki, “Araz” daha güclüdür. Qalan komandalarla oynamaq, mübarizə aparmaq mümküdü. Daha heç kim meydana çıxanda fikirləşmir ki, bu komandaya 7-8 top vuracam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right