Elnur Zamanov: “Bu gücdə komanda çempionatımızda yoxdur”

Yüksək Liqada VI turun mərkəzi oyunu sayılan “Araz” – “Neftçi” İK dueli gözlənildiyindən də gərgin keçdi. Xüsusilə də “Neftçi”nin hesabı açmasından sonra “Araz”ın oyunçularında təşviş aşkar hiss olunurdu. Düzdü, son çempion sonradan 2 top vurmağı bacardı. Amma matçın başa çatmasına saniyələr qalmış “Neftçi” hesabı bərabərləşdirdi və ötən turdakı EKOL yenilgisini bir növ sığortalamış oldu. Gərgin keçən matçdan sonra “Neftçi”İK-nın və millinin qapıçısı Elnur Zamanov AFF-nin rəsmi facebook səhifəsinə müsahibə verib.
- Oyunun gərgin keçəcəyi gözlənilirdi, amma bu dərəcədə dramatik sonluqla bitəcəyi yox. Nə deyə bilərsən son çempionla duel haqda?
- Həqiqətən də gərgin, həm də dramatik oyun alındı. Hesabı açdıq, üstünlüyümzü qoruya bilmədik, son saniyələrdə vurduğumuz qolla isə məğlubiyyətə layiq olmadığımızı sübut etdik. Bu cür oyunlar çempionatın bəzəyidir. Uşaqları təbrik edirəm, bu gün meydanda son saniyələrə qədər “vuruşdular”. 
- Ötən oyunda EKOL-a yenildiniz, bu dəfə son çempiona qarşı fərqli oyun nümayiş etdirdiniz və 1 xal qazandınız. Bu qeyri-sabitliyin səbəbi nədir?
- Həmin matçda çox zəif çıxış etdik. Səbəbini izah edə bilməyəcəm, amma bunun yeganə oyun olacağına inanıram. Elə etməliyik ki, “Neftçi” layiq olduğu yerə yüksəlsin. Çempionat 4 dövrədən ibarətdi. Qarşıdakı 3 dövrəni daha yüksək səviyyədə keçirəcəyik.
- Bəlkə motivasiya problemi var?
- Niyə ki? EKOL da bizim əsas rəqiblərimizdədir. Ümumiyyətlə, indi asan-güclü rəqib yoxdur, gərək bütün oyunlara əvvəlkindən də ciddi hazırlaşa, yanaşasan. Komandada hansısa problem yoxdur, sadəcə heyətimizə yeni oyunçular dəvət olunub ki, onların da tam uyğunlaşması üçün müəyyən zamana ehtiyac var.
- Sona 1 dəqiqə qalmış hesabda geridə idiniz. Həmin an oyunun əldən getdiyini düşündünmü?
- Oyun çox dəyişdi. Çünki hesabı açdıqdan sonra davamını gətirə bilərdik. Bir neçə əks-hücumumuz oldu ki, istifadə edə bilmədik. Sonra rəqib üstünlük qazandı. Ümumi götürdükdə, məncə, heç-heçə ədalətli hesab oldu. Hər iki komanda əzmkarlıq göstərdi, oyundan qopmadı.
- “Araz”ın hücumçuları əksər qapıçılar üçün arzuolunmazdır. Bu, sənin üçün də keçərlidir?
- Mənim üçün də belədir. Çünki bu komandanın heyətində güclü oyunçular cəmləşib. Demək olar, hamısı millinin üzvləridir. Bu gücdə komanda çempionatımızda yoxdur. 
- “Neftçi”nin cari mövsümü də mükafatçılar sırasında bitirəcəyi realdırmı?
- Bunun üçün çalışırıq və niyə də olmasın! Düzdü, əvvəlki illərlə müqayisədə indi oyunlar gərgin keçir, heç kim asan təslim olmur. Ancaq məqsədimiz dəyişməz olaraq qalır. 
- Ancaq hələ ki, komanda olaraq ümidləri doğrultmursuz..
- “Araz”la oyun dönüş nöqtəsi olacaq. Artıq özünəinam artıb. Bunun növbəti oyunlara müsbət təsir edəcəyi şübhəsizdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right