"Qarabağ" Avropa Liqası pely-off mərhələsinin cavab oyununda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə edərək turnirin qrup mərhələsinə yüksəlib.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizi də həmçinin. Hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi. Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmyaraq, bizim üçün qrupda iştirak etmək vacib idi. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, orada qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi avrokubok oyunları olacaq. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq.
- "Qarabağ"ın hazırkı hazırlığından nə dərəcədə razısız?
- Bəzən bizim düşünmədiyimiz elə hallar yaşanır ki, komandanı tam əldə saxlamaq çətin olur. Çox vacib oyunçularımız zədələndi. İstəyərdim ki, bu gün komandam daha hazırlıqlı olsun. Amma sıx qrafikimizə baxanda futbolçular çox yorulur. Təkcə fiziki olaraq yox, psixoloji gərginlik, yorğunluq var. Hər 2-3 gündən bir oyuna hazırlaşmaq o qədər asan deyil. Çalışacam ki, hazırlığımız daha da yaxşı olsun.
- 10-cu dəfə qrupdasız....
- Təcrübəmiz var. Sadəcə bu təcrübədən düzgün istifadə etmək üçün komandanın tam hazır, sağlam olması lazımdır. Vaxtımız olacaq. Bəzi oyunçuları geri qaytaracağıq. Görək sabah püşkatmada nə olur. Sonra dərindən fikirləşəcəyik.
- Demək olar ki, Şahruddin Məhəmmədəliyevi gözdən çıxarmısız?
- Yox, elə fikrimiz yoxdur. Şahruddin bizim oyunçumuzdur. Sadəcə düşünmədiyimiz hallar yaşanır, düşünmədiyimiz hadisələr baş verir. Ona görə bəzən komandada 1 yox, 4 qapıçı saxlayırıq, 11 yox, 20-22 futbolçu olur. Belə olanda rotasiyalar edə bilirik. Şahruddinin qarşıdakı matçlarda oynamaq ehtimalı var.
- Marko Yankoviç zədələnərək meydanı tərk etdi. Onun vəziyyəti necədir?
- Ciddi bir şey yoxdur. Toqquşma oldu, ağrı hiss etdi. Sabah tam bilinəcək.
- Püşkatmadan gözləntiniz nədir? Hansı ölkənin klubu ilə qarşılaşmaq istəməzdiz?
- Məndə heç vaxt belə düşüncə olmayıb. Amma futbolun inkişafı, futbolu daha da sevdirmək üçün azarkeşlər böyük klubları burada görmək istəyir. Dəfələrlə bu hallar yaşanıb. Böyük beşlikdən olan komandaları burada görmək hər bir azarkeş üçün maraqlıdır. Kim olursa-olsun, narazılıq bildirməyəcəyik. Əksinə böyük komandalar olanda, böyük hesabla məğlub olmaq riskdir. Onları canlı görmək həmişə xoş olub. Məşqçiləri ilə ünsiyyətdə olmaq mənim üçün maralqıdır. Böyük klublar düşsə, narazı olmayacam, sevinəcəm.
- "Rakuv" da rəqibiniz ola bilər. Bunu istəyərdiz?
- Belə fikrim yoxdur. Kim düşsə, yaxından tanıyıb, oynayacağıq.
- Qapınıza penalti təyin olunanda artıq oyunu necə çevirəcəyinizin planlarını cızırdınız?
- Planlamadım. Amma bir anda hansısa fikirlər keçdi beynimdən, bir neçə variant düşündüm. İlk fikrim o idi ki, futbolçuları sakitləşdirim. Ümumən desəm ki, qlobal nəsə fikrim oldu, xeyr.
- Hakim bu gün iki dəfə VAR-a getdi və xeyrinizə qərarlar çıxdı. Hakimlər "Qarabağ"a qarşı daha diqqətli olmağa başlayıb? "Olimpiya"nın baş məşqçisi demişdi ki, hakimlərin böyük klublara simpatiyası var...
- Bilmirəm vallah. Bugünkü hakim çox böyük təcrübəyə malikdir. La Liqada 200 oyun idarə edib, "El Klasiko"da hakimlik edib. Hakimlər haqda o qədər də fikir bildirmirəm. Sadəcə VAR-ın bu tərəfləri də var. Hətta orada da düzgün qərar qəbul etmək bəlkə də asan deyildi. Rəqibin baş məşqçisinin sözlərinə fikir bildirmək istəmirəm. Başa düşürəm. Belə oyunda əgər elə epizodlar olubsa, istər-istəməz neqativ fikirlər olacaq. Mən də bu situasiyada olmuşam.
- Hücum xəttində güclənmə olacaq?
- Ayın 5-nə kimi hansısa transferi həyata keçirməyə çalışacağıq. Danışıqlar gedir, baxırıq, nəzərdən keçiririk. 1-2 transfer etmək istəyərdik.
- Bu dəfəki uğuru daha dəyərli hesab etmək olar?
- Hər il qruplarda oynamaq, belə uğur əldə etmək, həm rəhbərliyə, həm mənə, həm də futbolçulara əlavə məsuliyyət və inam verir. Baxmayaraq ki, çempionatda bizim böyük problemlərimiz olur. Amma böyümək üçün mütləq belə çətinlikləri düzgün analiz edib, düzgün qərar qəbul etməli və hazır olmalıyıq. Amma bu il özümdə də o hisslər daha çox oldu, sevincli idik. 10 rəqəmini tamamlamaq istəyirdik. Yəqin ki, hansısa illərdən mənim üçün daha önəmli oldu.
- Növbəti arzunuz hansı rəqəmi tamamlamaqdır?
- Baxarıq. 13 edərik. (gülür)
- Bəlkə hansısa düstur deyəsiz ki, digər klublarımız da bu cür uğurlar əldə etsinlər?
- Bu barədə danışmaq düzgün olmaz. Bir Azərbaycanlı kimi istəyərəm ki, üzərimdə hansısa iş varsa, məsuliyyətlə yerinə yetirim. Digər klublarımızda da rəhbərlik, məşqçilər futbola, nəticəyə daha çox vaxt, yer ayırırlar. Bizim üçün də bu, daimi deyil. Futbol elədir ki, daim yerdəyişmələr olur. "Barselona" hər il eyni nəticələri əldə edə bilmir. Hansısa dönəm olur, problemlər yaşanır. Bəlkə 3-5 ildən sonra biz olmayacağıq, digər klublarımız olacaq. Hamı futbola sevgisini çoxaldır, daha istəklidirlər. Digər klublarımız da inşallah Avropada yaxşı nəticələr əldə edəcəklər.