Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində "Qəbələ” sabah evdə PAOK ilə üz-üzə gələcək.
Newsport.az-ın məlumatına görə, bu gün komandaların oyunöncəsi mətbuat konfransı keçirilib. Roman Qriqorçukun ardından onun PAOK-u çalışdıran xorvat həmkarı İqor Tudor jurnalistlər önünə çıxıb.
- Sabahkı oyunda əsas oyunçularınızdan biri Kaçe meydanda olmayacaq. Bu sizə necə təsir edəcək?
- Düzdü, aparıcı oyunçumuzun olmamağı bizim üçün mənfi cəhətdir. Amma onun yerini dolduracaq futbolçularımız var. Buna görə heç də narahat deyilik.
- "Qəbələ” sizin üçün hansı dərəcədə təhlükəlidir? Nəzərə alaq ki, "Qəbələ” "Panatinaikos”u mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib...
- "Qəbələ”nin "Panatinaikos” ilə oyunlarını izləmişik. Düzdü, təcrübə cəhətdən zəif olsalar da, təhlükəli hücumlar qura bilirlər. Düşünürəm ki, bizim üçün çətin olacaq. O ki qaldı nəticəyə, biz qələbə üçün oynayacağıq. Hər şeydən öncə istəyirəm ki, komandam yaxşı oyun göstərsin. Yaxşı oyun olarsa, qələbə də özü bizi tapacaq.
- PAOK çox zaman evdə 4-5 qol vurur. Amma səfərdə qol vurmaqda çətinlik çəkirsiniz. Necə düşünürsünüz, sabah sizin durumunuz necə olacaq?
- Qalib gəlməklə pis oyun göstərmək arasında fərq çoxdur. PAOK-un səfərdə pis oyun göstərməsi fikri ilə razı deyiləm. Çünki heç də hər zaman nəticə futbolçulardan asılı olmur. Burada hakim və rəqib əsas pay sahibi olur. Qarşıdakı komandadan asılı olmayaraq, biz qalibiyyət üçün mübarizə aparırıq.
- Yəqin ki "Panatinaikos”ilə oyunları izləmisiniz. Həmin oyunda Dodo "Panatinaikos”a 2 qol vurub. Həmin futbolçuya qarşı hansı tədbirlər görmüsünüz?
- Təbii, bunu nəzərə almışıq. Amma bunun detalları barədə danışmaq istəmirəm.
- Fakundo Pereyranı "Qəbələ”yə icarəyə vermisiniz. Onun sizə qarşı daha yüksək motivasiya ilə oynayacağını gözləmirsiniz?
- Fakundo yaxşı oyunçudur. Ona sabahkı oyundan savayı, bütün görüşlərdə uğurlar arzulayıram.
- Dimitar Berbatov sabah start heyətində oynayacaq?
- Berbatov oyuna ehtiyatdan başlayacaq. Oyunun gedişatına uyğun hərəkət edəcəyik.
- Xorvatiya yığma komandasında Azərbaycan millisinin baş məşçisi Robert Prosineçki ilə birgə oynamısınız. Azərbaycan səfəri barədə onunla danışmısınızmı?
- Əlbəttə. Robert yaxşı məşqçi və yaxşı inasandır. Bir saat öncə danışmışıq. Ona Azərbaycan millisindəki karyerasında uğurlar arzulayıram.