Bürünc mükafatçımız ikinci dəfə qatıldığı Avropa Liqası turnirində qruplara qalaraq ən böyük nailiyyətini qazandı. Afinadakı matçdan sonra klubun prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ" bu gün çox çətin səfərdə zəfər qazandı. Komandanız adlı-sanlı rəqibi mübarizədən kənarlaşdırdı. Nə hisslər keçirirsiz indi?
- Tarixi uğurdu. Pley-offa vəsiqə qazanınca, çox gözəl anlayırdıq ki, bu, bizim üçün qruplara qalmaq baxımından tarixi şansdı. Şükür ki, bu şansı qaçırmadıq. Qrup mərhələsinə yüksəlmək "Qəbələ" üçün bir ilkdi. Müsbət haldı ki, bu gün həm "Qarabağ", həm də "Qəbələ" Avroliqanın qrup mərhələsinə çıxdı. "Qarabağ"ı da təbrik edirəm. Sevincimi necə büruzə verim, bilmirəm. Çətin oyun idi. Bu mərhələni keçəcəyimizə çox adam inanmırdı. Böyük qələbədi bu! "Panatinaikos" böyük tarixi olan və güclü rəqibdi. Komandamız olduqca ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Özü də onları evdə deyil, səfərdə məğlub etdik. Ona görə də mən bu nəticəni böyük uğur hesab edirəm.
- Tale bəy, ilkin mərhələdə «Dinamo»nu mübarizədən kənarlaşdıranda, bildirmişdiz ki, indi ikinci rəqibi keçməliyik. Ardınca üçüncünü dediz. İndi isə qrupdasız. Komandanızın qrupdan da çıxmasını istəyirsiz?
- (gülür). Qrupa düşmüşüksə, əlimizdən gələni edəcəyik ki, layiqli çıxış edək, Azərbaycanın adını uca tutaq. Qrupda gözəl çıxış etmək istəyirik. Artıq bu mərhələdə bir dənə də zəif rəqib yoxdu. Qrupda bizdən qat-qat güclü klublarla mübarizə aparacağıq. Ən əsası odu ki, bu yerə elə-belə gəlmədiyimizi göstərək. Ümid edirəm ki, yenə yaxşı nəticələrlə xalqımızı sevindirəcəyik.
- Baş məşqçi Roman Qriqorçuk bildirdi ki, bundan sonra yeni transferlər ola bilər. Siz bu barədə nə düşünürsüz?
- Baş məşqçimiz yeni transferlər istəyirsə, olacaq.