“Hər kəsi təbrik edirəm. Hər iki oyunda qalib gəlməyimiz yaxşı oldu. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Hər bir futbolçuma sağol demək istəyirəm. “Qəbələ”yə də "Panatinaikos"la oyunda uğurlar arzulayıram”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri oyundan sonra deyib.
Qurbanov “Yanq Boyz” üzərində qələbədən (3:0) sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Matçın 70-ci dəqiqəsində Reynaldo və Almeyda kimi aparıcı futbolçuları əvəzləyəcəyinizi düşündük. Ancaq siz fərqli qərar verdiniz.
- Demək olar ki, 70-ci dəqiqədən sonra oyunun tempi düşmüşdü. Düşündük ki, milli komandaya gedən futbolçulara istirahət verək. Əfran hələ tam formasını bərpa etməyib. İnanıram ki, millidinin düşərgəsindən qayıdandan sonra hər şey qaydasında olacaq.
- “Qarabağ” Azərbaycan futbolunda yeni tarix yazdı, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Baş məşqçi olaraq nə hisslər keçirirsiniz.
- “Qarabağ”ın baş məşqçisi olduğum vaxtdan böyük stressdəyəm. Həqiqətən bu komandanı çalışdırmaq böyük məsuliyyətdir. Ən azından məcburi köçkünlərimizə az da olsa, sevinc yaşadırıq.
- Yeni transfer etmək fikriniz var?
- Hələ ki, 3-4 gün vaxtımız var. Çalışırıq ki, istədiyimiz futbolçunu transfer edək. Məni də düzgün başa düşün. Gərək transfer məsələsində çox götür-qoy edəsən.
- Ananız müsahibəsində bildirmişdi ki, belə gərgin oyunları izləyə bilmir, həyəcanlanır. Matçdan sonra onunla əlaqə saxladınız?
- Hələ ki, yox. Bəlkə də mənə ən çox azarkeşlik edən elə anamdır. Uduzanda çox həyəcan keçirir. Onu öpürəm, təbrik edirəm.