Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"ylə qarşılaşacaq "Panatinaikos”un yarımmüdafiəçisi Daniyel Pranyiç Yunanıstan mətbuatına danışıb.
Newsport.az-ın məlumatına görə, xorvatiyalı futbolçu bir çox mətləblərə aydınlıq gətirib.
Sabiq "Bavariya”lı özlərini cütün favoriti saydığını deyib: "Qəbələ" haqda Yunanıstanda çox az adam nəsə bilir. Amma mən onların son bir neçə oyununa baxmışam. Pis komanda olmadıqlarını bilirəm. Onlara qarşı oynamaq bizə asan olmayacaq. Amma yenə də cütün favorit bizik. Bizim üçün Bakıdakı oyunda qol buraxmamaq, itki ilə üzləşməmək daha vacibdir. Belə olan halda cavab oyununda uğur qazanmaq şansımız daha çox olacaq. Əlbəttə, şans olacağı halda Bakıda da qol vurmaq istərdim. Buna nail olsaq, doğma meydanda işimiz daha asan olacaq. Lakin istənilən halda səfər matçında risk etməməliyik".
Pranyiç "Qəbələ"ni tərifləməyi də unutmayıb: "Oyuna çox yaxşı köklənməliyik. Əks halda rəqib bizə ciddi problem yarada bilər. Onların Kipr "Apollon"una qarşı necə mübarizə apardıqlarını görmüşəm. Deyərdim ki, "Qəbələ" çox yaxşı komandadır. İstənilən halda hər şeyi oyun göstərəcək. "Qəbələ" aqressiv futbol oynayır və hərdən elə oyun göstərirlər ki, bilmirsən onlardan nə gözləyəsən. Bu, çox təhlükəli amildir. Bizə çətin olacaq. Təbii ki, yaxşı oynasaq, problemimiz olmaz. Amma asan olacağını düşünsək, problemimiz yarana bilər".