"Hamı oyunun önəmini başa düşürdü. Matça çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qol epizodlarından istifadə edə bilmədiklərini söyləyib: "Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bacarırdısa, onu göstərdi".
M.Medvedev görüşün baş hakimi Aleksey Kulbakovun "Qarabağ"a antipatiyasının olduğunu bildirib: "Ən azı kənardan belə görünürdü. "Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".
Müdafiəçi öz oyunları ilə yanaşı, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçirilən digər qarşılaşma ilə də maraqlandıqlarını vurğulayıb: "İlk hissədə hesab açılmamışdı. Matçdan öncə baş məşqçi tapşırmışdı ki, həmin oyunun necə bitməsinin bizim üçün fərqi yoxdur. Qalib gəlsəydik, digər nəticənin önəmi qalmırdı".
Onun sözlərinə görə, 1/8 finala çıxmalarına bəxt amili mane olub: "Qol imkanlarından daha yaxşı istifadə edə bilsəydik, qrupdan 1-ci yerlə də çıxa bilərdik. Avropa Liqası Azərbaycan çempionatı deyil. Bura başqa səviyyədir. Bir səhvə görə rəqib səni cəzalandıra bilər".
Futbolçu Konfrans Liqasının pley-offuna vəsiqə qazanmalarının uğursuzluq kimi qələmə verilməsinə də toxunub: "Azarkeşləri də başa düşmək olar. Bunu biz özümüz etmişik. Avrokuboklarda qruplara düşdükdən sonra fanatlar daha çox şey istəyirlər. Biz də bunu arzulayırıq. İrəli getmək üçün çox əziyyət çəkirik. Təəssüf ki, bəzi şeylər çatmır. İlboyu bu tempdə oynasaq, daha böyük nəticələrdən danışa bilərik. "Nant"la oyun üçün Fransaya getdik, ardınca Şamaxıya gəlib süni örtükdə oynadıq. Çox ciddi səviyyə fərqi var. Bu səbəbdən uyğunlaşa bilmirik. Səfərlər uzun olur. Bu cür xırda məqamlar irəli getməyə imkan vermir. Öz üzərimizdə daha çox işləməli, kimlərə qarşı oynadığımızı dərk etməliyik. Gələcəkdə daha yaxşı komanda görəcəyik".