"Qurban Qurbanovun işi mənə çox maraqlıdır" - "Frayburq"un baş məşqqçisi

Avropa Liqasında qrup mərhələsinin sonuncu – VI turunun “Qarabağ” – “Frayburq” (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Kristian Ştrayx mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Güclü rəqibə qarşı oynadıq. Heyətdə rotasiyalar etmişdik, bir neçə gənc oyunçuya şans vermişdik. Amma deyə bilərəm ki, bizim bəxtimiz gətirdi. Say üstünlüyümüz olsa da, “Qarabağ” çox gözəl oynadı, işimizi çətinə saldı. Qurban Qurbanov burada möhtəşəm iş görüb. “Qarabağ” sürət və taktiki baxımdan möhtəşəm oynayır. Bəxtimiz gətirdi ki, 1 xal qazandıq.

- Sizcə, bu “Qarabağ” Konfrans Liqasında nə qədər irəli gedə bilər?
- “Qarabağ”ın Avropa Liqasındakı bütün oyunlarını izləmişəm. Pley-offa çıxmamaları bəxtsizliklə bağlıdır. Bu oyunla çox irəli gedə bilər. “Qarabağ”dan çox şey gözləmək olar. “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmaması sadəcə bəxtsizlikdir.

- Almaniyadakı ilk oyundan əvvəl və sonra da “Qarabağ”ı tərifləmişdiz. Səfərdən öncə isə Azərbaycan və Bakı barədə xoş sözlər səsləndirmişdiz. Bu sevginiz nədən qaynaqlanır?
- “Qarabağ”la üzləşməzdən öncə Azərbaycanı tanımırdım. Komandamın oynadığı hücumameyilli futbol diqqətimi çəkmişdi. Püşkatmadan əvvəl xəbərim yox idi. Ondan sonra oyunlara baxdım. “Qarabağ”ın oynadığı futboldan həzz alırdım. Bu, oyun stilinə olan simpatiyamdır.

- Sizcə, Avropa Liqasının pley-offuna “Qarabağ”, yoxsa “Nant” daha çox layiq idi?
- Futbolda bəxt amili də rol oynayır. “Nant”a qarşı da oynamışıq. Kimin xalı çoxdursa, o da növbəti mərhələyə çıxır. Daha əvvəl də dedim ki, bu gün xal qazandığımız üçün bəxtimiz gətirdi. Ancaq fakt odur ki, yekunda “Nant”ın xalı daha çox oldu.

- “Qarabağ”da hansı futbolçular diqqətinizi cəlb etdi? Kimisə komandanızda görmək istəyərsiz?
- Vaxtım olsa, “Qarabağ”ı Konfrans Liqasında izləyəcəm. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi, Ovusu və Zubir çox güclü oyunçulardıq. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti – hamı sevinirdi. Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir.

- İlk oyundan sonra da Qurban Qurbanovla danışmışdız. Bu gün də matçdan əvvəlk söhbətiniz oldu. Onunla nələr danışdız?
- Səmimi və dost kimi danışdıq. Biz həmkarıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım.

- Ötən ili çıxsaq, “Qarabağ”la qarşılaşan komandalar adətən finala qədər gedir, ya da çempion olurlar. Bu dəfə turnirdə güclü kollektivlər var. Öz komandanızdan belə gözləntiniz var?
- Bizim üçün çox maraqlı turnirdir. Rəqibləri də görəndə matçları daha həvəslə gözləyirsən. Oyundan oyuna fikirləşirik. Bundesliqada da işlərimiz yaxşı gedir. Komandam çox yaxşı futbol göstərir. Nə olacağını görəcəyik. Çox irəli baxmaq istəmirəm. Qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığımızı bildiririk. “Qarabağ”a uğurlar arzulayırıq. İnanıram ki, belə futbolla çox yaxşı nəticələr əldə edə biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right