"Rəqibin vuracağı daha bir qol bizim işimizi çox çətinləşdirəcəkdi"

"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab matçından (2:2, ilk oyun 2:1) sonra müsahibə verib: 

 

- Oyun haqda nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Bu rəqibi mübarizədən çətinliklə kənarlaşdıra bildik. Halbuki, səfərdə onlara qalib gəlmişdik. Qısa vaxt ərzində iki qol buraxdıq. Buna yol verməməliydik. Lakin futbolda belə səhvlər olur.

 

- Bəs niyə belə bir vəziyyət yarandı?
- Mən bunu komandanın tez arxayınlaşması ilə izah edərdim. İslandlar öz meydanında yaxşı çıxış etməmişdilər. Görünür, cavab görüşündə xüsusi çətinlik çəkməyəcəyimizə dair arxayınlıq yaranıbmış.

 

- Hesab 1:2 olanda düşünmədiniz ki, İslandiya klubu mərhələ adlayacaq?
- Hər şey ola bilərdi. Rəqibin vuracağı daha bir qol bizim işimizi çox çətinləşdirəcəkdi. Amma lazım olan qolu məhz biz vurduq.

 

- Rauf Əliyevin qolu olmasaydı, "İnter"in taleyinə yenə penaltilərlə aydınlıq gələ bilərdi...
- Mənə də elə gəlirdi ki, yenə penalti seriyası olacaq. Amma penaltilərdən qorxmurdum. Psixoloji baxımdan da buna hazır idim.

 

- "Hafnarfyordur"un oyunçuları hakimlikdən niyə kəskin narazı idilər?
- Mən hakimin buna səbəb olacaq hansısa hərəkətinin, qərarının şahidi olmadım.

 

- Növbəti rəqib İspaniyanın tanınmış "Atletik" klubudur...
- Bu rəqibin xüsusi təqdimata ehtiyacı yoxdur. İlk növbədə yaxşı oyun sərgiləməyə çalışacağıq. Necə alınacağını zaman göstərəcək. (azerisport)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right